Hüquqi şəxslər üçün qoşulma qaydalarıAzercell abonenti kim ola bilər?
Azercell abonenti aşağıdakılar ola bilər:
- Azərbaycan Respublikasında müvafiq qaydada qeydiyyata alınmış və fəaliyyət göstərən hüquqi şəxslər.
- Xarici ölkələrin rəsmi nümayəndəlikləri.
- Xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları.
Aşağıda müxtəlif təşkilat və qurumların Azercell abonenti olmaq üçün zəruri sənədlərin siyahısı verilmişdir. Fiziki şəxslərdən tələb edilən zəruri sənədlərin siyahısını “Fiziki şəxslər üçün qoşulma qaydaları” bölümündən əldə edə bilərsiniz.
Abonent olmaq üçün zəruri sənədlər
Hüquqi şəxslər üçün
- Hüquqi şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surəti.
- Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair bildiriş. (SimSim abonentləri üçün zəruri deyil).
- Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.
- Hüquqi şəxsin Bank Rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub (SimSim abonentləri üçün zəruri deyil).
- Hüquqi şəxsin möhürü.
Hüquqi şəxs ƏDV-dən azaddırsa və ya ƏDV-yə Sıfır Faiz Dərəcə ilə cəlb olunmalıdırsa, müvafiq sertifikat təqdim olunmalıdır (SimSim abonentləri üçün zəruri deyil).
Bank rekvizitlərində hüquqi şəxsin hesablaşma hesabının, müxbirin hesabının və kodunun qeyd olunması mütləqdir.
Müqavilənin arxa hissəsində nömrə alan hüquqi şəxsin möhürü və səlahiyyət verilmiş şəxsin imzası olmalıdır. Əgər Müqaviləni HŞ-in rəhbəri özü bağlayırsa, müqavilənin arxasında möhür qoyulur, HŞ-in rəhbərinin adı, soyadı, atasının adı, vəzifəsi yazılır və HŞ-in rəhbəri tərəfindən imzalanır.
Banklar üçün
- Bank fəaliyyətinin göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilən Lisenziya.
- Hüquqi şəxslərə aid olan yuxarıda qeyd olunan sənədlər (hüquqi şəxsin qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surətindən başqa).
Xarici ölkələrin səfirlikləri, nümayəndəlikləri, konsulluqları üçün
- Səfirlik, nümayəndəlik, konsulluq tərəfindən, səlahiyyətli nümayəndəyə verilən etibarnamə.
- Əgər varsa, ƏDV-dən azadedilmə haqqında məktub (AR-in Vergilər Nazirliyi tərəfindən təqdim olunur).
Etibarnamə səfir, konsul, nümayəndəliyin başçısı tərəfindən imzalana bilər. Bundan əlavə, etibarnamə səfirlik adından rəsmi sənədlərdə imza atmaq səlahiyyətlərinə malik olan şəxslər tərəfindən də (bu şəxsin öz səlahiyyətlərini təsdiq edən rəsmi sənəd əlavə edilməklə) imzalana bilər.
Beynəlxalq təşkilatlar üçün
- Beynəlxalq təşkilatın Azərbaycan Respublikası ilə fəaliyyəti ilə əlaqədar dövlətlər, ya hökumətlər arasında bağlanan və Milli Məclis tərəfindən ratifikasiya edilən beynəlxalq sazişlərin icrasını təmin edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və ya Xarici İşlər Nazirliyinin s ərəncamının surəti.
- Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsinin (VÖEN) verilməsinə dair bildiriş. Əgər varsa, ƏDV-dən azadedilmə haqqında məktub (AR-in Vergilər Nazirliyi tərəfindən təqdim olunur). (SimSim abonentləri üçün zəruri deyil).
- Beynəlxalq təşkilat tərəfindən səlahiyyətli nümayəndəyə verilən etibarnamə və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd.
- Beynəlxalq təşkilatın bank rekvizitləri haqqında rəsmi arayış (SimSim abonentləri üçün zəruri deyil).
- Beynəlxalq təşkilatın möhürü.
Dövlət qurumları üçün
- Dövlət qurumunun yaranması barədə sənəd (fərman, sərəncam və s.) və ya onların fəaliyyətini tənzimləyən əsasnamə/nizamnamə.
- Hüquqi şəxslərə tələb olunması nəzərdə tutulan sənədlər (hüquqi şəxsin Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin surəti istisna olmaqla).
Əlavə məlumat
Rəsmi məktubları aşağıdakı şəxslərdən biri imzalamaq hüququna malikdir:
- HŞ-in rəhbəri (direktor, icraçı-direktor, müdir, icraçı- müdir, prezident, idarə heyətinin sədri).
- HŞ-in təsisçisi tərəfindən imzalandıqda, həmin təsisçinin yeganə təsisçi olduğunu təsdiq edən HŞ-in Nizamnaməsi təqdim edilməlidir. Əgər HŞ-in təsisçisi bir nəfərdən artıqdırsa, bu halda digər təsisçilərin həmin şəxsə səlahiyyət verdikləri, notarial qaydada təsdiq edilmiş etibarnamə təqdim edilməlidir.
- Müəssisə ləğvetmə komissiyasının sədri (bu şəxsin öz səlahiyyətlərini təsdiq edən rəsmi sənəd əlavə edilməklə).
- HŞ-in rəhbərinin müavinləri və ya əvəzedici nümayəndələri (əgər varsa, həmin şəxsin səlahiyyətli olduğunu təsdiq edən sənəd — HŞ-in Nizamnaməsinin və ya Əsasnaməsinin, yaxud müvafiq Əmrin surəti əlavə olunmalıdır).
- Məktub hüquqi şəxsin digər nümayəndələri tərəfindən imzalandığı halda, sənədlərdə imza edən şəxsin imza səlahiyyətlərini təsdiq edən müvafiq HŞ-in və ya notariat orqanının möhürü ilə təsdiqlənmiş əmrin (və ya etibarnamənin) surəti də təqdim olunmalıdır.
|